24 Mart 2017 Cuma

Axtarmayın kağızlarda siz məni...

Addım-addım öz baxtımı gəzirəm,
yol gəlirəm-üfüqə bax,süz məni...
Qismət adlı,muraz adlı mənzilə
çatdırarmı qanı axan diz məni?..

*************

Qəmə düşdüm,haray vurdum,səslədim,
gəlişinlə al səbrimi,kəs dedim!
ürəyimdə əzizlədim,bəslədim
çox salsa da bərkə-boşa söz məni...

**************

Bulaq olub dağ döşündən axırdım,
yağış olub yamaclara yağırdım,
bu dünyaya urəyimlə baxırdım-
çox aldadıb bəbək məni,göz məni!...

*************

Aylarımı,illərimi üyürdüm,
kölgə keçdi-arxasıyca yüyürdüm...
Sözlərimi küləklərə deyirdim-
axtarmayın kağızlarda siz məni...


1994

Hiç yorum yok:

Yorum Gönder