24 Mart 2017 Cuma

Təəssüf zaman

Qəzəbli gözlərin əvvəlində kin-
qəlbin təəssüflü zamanı yaxın...
...Ürəkdən əmələ bir sərhəd çəkin-
durub əməllərə kənardan baxın!
************
...Baxın kainatın uşaq dövrünə-
hər üzdə təəccüb,hər gözdə heyrət.
Bu ,nədir bir söylə?Bəs bu nə,bu nə?..
...Hər şeyin önündə ulu məhəbbət!
************
Üstündə ruhu var,başında huşu-
onları itirən kim oldu görən?..
Çəpəri keçəndə qonşunun quşu
ilk daşı götürən kim oldu görən?...
*************
Baxın dənizlərin ucadan enən
bulaq əvvəlinə,çeşmə vaxtına...
O nifrətli sözün-içimdə dinən
bayatı çağına,qoşma vaxtına...
**************
Fələyin min cürə donu var,bildim-
yanır külə dönür çiçəkli çəmən...
Hər şeyin əvvəli sonu var,bildim-
qalmaq istəyərdim o əzəldə mən!!!
*************
...Bir yetim istəyi ümüdə bükün;
Tanrılığı varmış uşaq olmağın...
...Qəzəbli gözlərin əvvəlində kin-
Qəlbin təəssüflü zamanı yaxın...
3.08.11

Hiç yorum yok:

Yorum Gönder