24 Mart 2017 Cuma

D i v a r

İki qonşu arasında
aralı çəpər var idi.
Hərə səbr sırasında,
küdrətə təpər var idi.

Süfrələri bir olardı,
uşaqları dost və sirdaş,
Gizli sözlər sirr olardı-
nə qəlbdə qəm,nə gözdə yaş.

Xeyrə-şərə əlbir olub
sakit ömür sürərdilər,
Şər günə bulud tək dolub
xoş günə də gülərdilər.

...Bir gün bu qonşunun iti
addayıb çəpəri keçdi,
o qonşunun cücəsini
yeyib yalından su içdi.

Heç kim dinib danışmadı,
demədi,ay,vurum,əyim.
Bu sükütla barışmadı
qonşu arvadı Gülbəyim-

Dedi-Kişi bu çəpərin
min bir yerdən deşiyi var,
bu gün cücəmi yüyən it,
sabah bizi evdən qovar!

Demirəm ki,get dərinə,
bir söz qaldır,at hər işi,
bax bu çəpərin yerinə
daşdan bir divar tik,kişi!

...Yenə elə bir yerdəcə
iki qonşu ip çəkdilər,
o çəpərin yerindəcə
daşdan bir divar tikdilər...

Daha üz-üzü görmədi,
daha göz-gözü görmədi.
Xeyiri-şəri görmədi,
şəni-kədəri görmədi.

...İt cücəni görməyəndə
qonşu da qonşunu görməz.
Daşdan divar hörməsək biz
heç kim bizə tələ horməz.


Daş-divarlı içimizdə
başqa bir divar bitəcək.
bu daş-divar bizi-bizdən
ayıracaq,itirəcək.

Lal-kar ömür sürəcəyik-
xoş günləri yada salıb,
bir də baxıb görəcəyik-
hər yanı divarlar alıb.

Doğma səsdən kəsir qalar
qəlb,dustaqlar sırasında.
Gur xəyallar əsir qalar
daş divarlar arasında!

Kimi yıxdı söz yarası?-
deyilməmiş neçəsi var...
Hərənin öz mal-qarası,
hərənin öz cücəsi var.


Bicliyə xəlbir gəzirik-
sınan kövrək qəlbimizdir.
Niyə biz qəbir gəzirik?-
Bu divarlar qəbrimizdir!

...Şeytana lənət,ay Allah,
beynimi qabar elədi.
Kimdir gəldi sabah-sabah
çəpəri divar elədi?!.

...Hər ürəyin bir ahı var,
yolu var yoldan keçənin.
Nə o itin günahı var,
nə yeyilən o cücənin!!

Hiç yorum yok:

Yorum Gönder