24 Mart 2017 Cuma

Gedirik

Qurtulub qayğının küt pəncəsindən
yıxılıb gedirik,yıxıb gedirik.
Ömrün yarıbağlı pəncərəsindən
boylanıb gedirik,baxıb gedirik.


Üzümüz Günəşə,yollar zülmətə,
ünvansız səfərlər-evsiz küləkdir.
Hər qəlbdən bir bucaq düşür niyyətə-
qaçan arzulardı,qovan fələkdir.

Quyruqlu dillərin duası yalan,
əsəb tük üstündə,vicdan darıxır...
Səndən min illərdi arxada qalan
bir də görürsən ki,qarşına çıxır...


Qələm titrək əldə,hərflər itir,-
çıx qəmi qarşıla yığdığın gülnən!
Gözünün önündən hədəflər itir-
üstünə qayıdır atdığın güllə...


Yamaqlı-yamaqsız bu əyinbaşı
özümüz biçmişik öz əynimizə.
...Məhəbbət naminə tökülən yaşın
damlası qarışdı bəlkə dənizə...


...Özü öz odunda qaynar bu dünya,
biz də ulduz kimi axıb gedirik...
Bizimlə gizlinpaç oynar bu dünya-
gizlənib gedirik,baxıb gedirik,
Görən birdəfəlik çıxıb gedirik?!...

Hiç yorum yok:

Yorum Gönder